Haqqına Sahib Çıx! Kampaniyasının Açılış Mərasimi
Haqqına Sahib Çıx! adlı reproduktiv sağlamlıq və hüquqlara dair Kampaniyanın açılış mərasimi 27 iyun 2019-cu il tarixində Muzey Mərkəzində baş tutdu. Yaradıcı formatda musiqi və səhnələşdirilmiş rəqslərlə təşkil olunmuş açılış tədbirində Kampaniyanın təsisçisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Kampaniyanın məqsədi və tarixçəsi haqqında danışdı. O, gender-əsaslı stereotipik düşüncələrin reproduktiv sağlamlıq və hüquqlara olan təsiri, həmçinin ölkədə gender rolları və çağırışları haqqında nitq söyləmişdir. Kampaniyanın video çarxı və vebsaytı da tədbir zamanı təqdim olunmuş, Kampaniyanın yaratdığı imkanlar haqqında ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda Kampaniyanın işçi heyəti Kəklik Kərimli, Leyla Orucova, Mabilə Mürsəlova, həmçinin İşçi Qrupunun üzvləri Vasif İsmayıl, Azər Mehtiyev, İlhamiyyə Rza, Əvəz Zeynallı, Təhminə Tağızadə və Nicat Gözəlov Kampaniyanın 10 real keyzi ilə əlaqəli olan flaşmobu nümayiş etdirdilər.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, KİV, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələri də daxil olmaqla 100-ə yaxın qonaq iştirak edib, hər biri Kampaniyanın maarifləndirmə materiallarını əldə edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra çay süfrəsi zamanı şəbəkələşmə və reproduktiv sağlamlıq haqqında qanuna dəstək üçün təşəbbüs məqsədini daşıyan imza aksiyası da baş tutmuşdur.